ATƏT nümayəndəsi azərbaycanlı jurnalistlərlə görüşüb

ATƏT nümayəndəsi azərbaycanlı jurnalistlərlə görüşüb
27 Aprel 2022
Mətni dəyiş

Bakıda səfərdə olan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro çərşənbə axşamı media nümayəndələri və jurnalistlərin hüquqi müdafiəsilə məşğul olan hüquqşünaslarla görüşüb.

Görüş iştirakçıları diqqəti ölkənin azad media problemlərinə yönəldiblər. Qeyd olunub ki, 2005-ci ildə "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən sonra media azadlığı ilə bağlı vəziyyət durmadan pisləşib, bundan sonra jurnalistlərin həbsi və onlara fiziki təzyiqlər kimi çirkin praktika başlayıb.

Son illər KİV-in və qeyri-hökumət jurnalist təşkilatlarının fəaliyyət imkanları qanunvericilik səviyyəsində məhdudlaşdırılıb.

Ötən ilin sonunda qəbul edilmiş media haqqında qanun Azərbaycanda azad medianın qalıqlarının məhvinə gətirib çıxara bilər, çünki bu, KİV-in və jurnalistlərin fəaliyyətinin sərt reqlamentasiyasını nəzərdə tutur.

Hüquqşünaslar diqqəti Azərbaycan qanunvericiliyində diffamasiyaya görə cinayət məsuliyyəti tədbirlərinin qorunub saxlanmasına və genişləndirilməsinə yönəldiblər.

Ribeyro görüş iştirakçılarını dinlədikdən sonra qeyd edib ki, onların qaldırdıqları məsələlər ATƏT-in Azərbaycan hökumətilə danışıqlarının gündəliyindədir. O, diffamasiyaya görə cinayət təqibinin ləğvinə tərəfdar olduğunu bildirib.

Onun sözlərinə görə, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisi də daxil olmaqla, ATƏT institutları iştirakçı ölkələrin təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməsinin monitorinqini aparır.

Ribeyro həmçinin qeyd edib ki, ATƏT-də Azərbaycandakı media haqqında yeni qanunla bağlı məlumatlıdırlar. Hazırda Avropa Şurası Venesiya Komissiyası onun ekspertizasını aparır və ATƏT öz tərəfindən sənədə hüquqi qiymət verməyə hazırdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun