Apellyasiya Məhkəməsi Əli Əliyevlə bağlı qərarı qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi Əli Əliyevlə bağlı qərarı qüvvədə saxlayıb
30 Aprel 2022
Mətni dəyiş
Ötən gün Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyevin ittiham hökmündən şikayətinə baxıb. Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti üzrə böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Adilovun Əliyevdən şikayətini təmin edərək cəzanın müddətini daha bir ay artırıb. Məhkəmə iddialarına səbəb Əliyevin mətbuatda həmin zabitlərin 30 noyabr 2021-ci il tarixində Sərhəd Xidmətinin Mi-17 vertolyotunun qəzaya uğraması nəticəsində sağ qalmasının mümkünsüz olduğunu və vertolyotun Rusiya tərəfindən vurula bilməsini söyləməsi olub. Ötən ilin noyabrında Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində 14 zabit həlak olub, ikisi sağ qalıb. Əli Əliyev hər iki hökmü rədd edərək, öz həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb. Aprelin 30-da müdafiə tərəfi Əli Əliyevin cinayət təqibinin absurd olduğunu bir daha qeyd edib, vəkil Cavad Cavadov bildirib. Əsasən qeyd olunub ki, Əliyevin fikirləri Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası ilə zəmanət verilmiş ifadə azadlığı çərçivəsinə sığır. Digər tərəfdən, şəxsin ona qarşı irəli sürülən eyni əmələ görə dəfələrlə məhkum edilməsi hüquq prinsiplərinə ziddir. Lakin Apellyasiya Məhkəməsi müdafiə tərəfinin dəlillərinə məhəl qoymayıb və hökmü qüvvədə saxlayıb. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun