ADNA terrorundan 13 il keçir

ADNA terrorundan 13 il keçir
30 Aprel 2022
Mətni dəyiş
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (red. hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır) tələbə və müəllimlərin güllələnməsindən 13 il keçir. Dünyada və xüsusilə qərb ölkələrində terror hücumlarının geniş vüsət aldığı indiki dövrdə Bakıda, paytaxtın mərkəzi küçələrindən birində yerləşən Neft Akademiyasına silahlı hücum və bu hücum ətrafında baş verənlər əhəmiyyət kəsb edir.
Rəsmi məlumatlara görə, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 13 nəfər yaralanıb. Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlərdir. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürüb. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub. Qədirovun universitetdə nə qədər güllə sərf edərək atəş açdığı müəyyən edilməyib. Ancaq, o özünü öldürdükdən sonra üstündən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və sonradan terrorçuluq ittihamı da irəli sürülüb. İstintaq-əməliyyat qrupu yaradılıb.
2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hokmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.
Hökm zamanı müttəhimlər cinayətlə əlaqələrinin olmadığını bildirib.
İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.
İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O, əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. Lakin bütün bunları sübut edən dəlillər təqdim edilməyib.
Vəkillər qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları M.Qumaşyanın Azərbaycana verilməsi məqsədilə İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyib. Müttəhimlər isə bildirib ki, ifadələrini işgəncə altında veriblər. Lakin iki ekspertiza işgəncə tətbiq olunduğunu təsdiqləməyib.
İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyən edib. O, əvvəlcədən video müraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. F. Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı video müraciət yerli televiziyalarda nümayiş etdirilib. Fərda Qədirov Gürcüstana gəlməmişdən öncə Rusiyada yaşayıb.
Bununla yanaşı, jurnalistlər dəfələrlə Mardin Qymaşyanın yaşadığı evdə olub. O hər hansı terroru maliyyələşdirmədiyini, təşkilatçısı olmadığını, sadə əməkçi adam olduğunu bildirib. Qumaşyan indi də Gürcüstanda yaşayır və hər hansı istintaq tərəfindən dindirilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun