Adı siyasi işlərdə verdiyi qərarlarla hallanan keçmiş hakimin həbs müddəti azaldılıb

Adı siyasi işlərdə verdiyi qərarlarla hallanan keçmiş hakimin həbs müddəti azaldılıb
30 Aprel 2022
Mətni dəyiş
Bakı Apellasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin keçmiş hakimi, vaxtilə bir sıra siyasi işlərdə qərarlar vermiş, hazırda isə həbsdə olan Lətif Nəbiyev haqqında hökm dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsinin ona kəsdiyi 8 illik həbs cəzası 4 il 6 aya endirilib. Aprelin 29-da Bakı Apelyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərara əsasən, Lətif Nəbiyevə verilən ittiham maddəsi də dəyişib – Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsindən 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə tövsif olunub. Sabiq hakim birinci instansiya məhkəməsində çıxış edərkən özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, zərərçəkmişlərdən yalnız Rüstəm Abdullayevdən 10 min dollar alıb, onu da qaytarmağa hazırdı. İttihamda isə onun Rüstəm Abdullayevdən Kürdəmir, İsmayıllı kimi rayonlarda dövlət layihələrində iştirak etmək, tenderləri qazanıb, birgə iş görmək adıyla 60 min dollara yaxın pul aldığı iddia olunur. İttihama əsasən, digər zərərçəkmiş Azad İbrahimovdan isə Bakının Bilgəh qəsəbəsində dəniz kənarında torpaq sahəsi almaq adıyla 247 min 500 dollar pul alınıb. “Mən Türkiyədə olanda pul göndərdim ki, torpaq alsın. Buzovnada, Bilgəhdə dəniz kənarında torpaq alacaqdı. Lətif Nəbiyev qardaşımın bacanağıdır. Dəfələrlə onun özü ilə danışmışıq. Amma istintaqda deyir ki, guya pulu ona yox, rəhmətlik qardaşım Abbasa göndərmişəm. Amma yalan deyir. Aramızda telefon danışıqları var”, – zərərçəkmiş Azad İbrahimov bildirib. Lakin keçmiş hakim deyir ki, Azad İbrahimovun pulu o zaman Əmlak Məsələləri Dövlət Komitəsində işləyən, sonradan isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini olan Əli Abdullayevə çatıb. Bir sıra siyasi motivli işlərdə, o cümlədən satirik Sakit Zahidovun (Mirzə Sakit) həbsində qərar vermiş Lətif Nəbiyev haqqında 2008-ci ildə Məhkəmə-Hüquq Şurası qərar çıxarıb. O, statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verməkdə ittiham edilərək, səlahiyyətlərinə xitam verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun