25 Aprel 2022
Mətni dəyiş
ABŞ-ın ən böyük banklarından biri olan ˝Bank of America˝ Rusiyanın Hyuston və Nyu-Yorkdakı baş konsulluqlarının hesablarını bağlayıb, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiya 24” telekanalının efirində bildirib.
“Əslində səfirlik ABŞ dövlət qurumları tərəfindən blokadadadır. Hyuston və Nyu Yorkdakı iki Baş Konsulluğumuzun hesabları ˝Bank of America˝ tərəfindən bağlanıb. Ünvanımıza hədələr gəlir: həm telefon, həm məktublar şəklində. Bir vaxtlar hətta səfirlikdən çıxış da bağlanmışdı”, - Antonov deyib.
Rusiya səfiri həmçinin səfirlik qarşısında “kifayət qədər çoxsaylı nümayişlər” olduğunu qeyd edib. Bundan başqa, onun sözlərinə görə, “vandalizm aktları olub, boya tökülüb”. Antonov bunu "Hazırda ABŞ-da artan ˝rusofobiya" ilə əlaqələndirib.
Antonov dəfələrlə keçmişdə ABŞ rəsmiləri tərəfindən təqiblərdən şikayətlənib. Belə ki, o, rusiyalı diplomatların dəfələrlə qovulmasından və özünün Vaşinqtonu tərk etməklə hədələnməsindən danışıb.