1 Aprel 2022
Mətni dəyiş
˝Bloomberg Billionaires Index˝ milyarderlər reytinqinə daxil olan 22 ən zəngin rusiyalı iş adamının 1 aprel tarixinə sərvəti 299,47 milyard dollardır. 2022-ci ilin əvvəlindən bu məbləğ 50,1 milyard dollar azalıb. Bu barədə RİA Novosti xəbər verir.
˝Bloomberg˝-in məlumatına görə, Rusiyanın ən zəngin beşliyi aşağıdakı kimidir:
Vladimir Potanin 29,4 milyard sərvətlə (bu ilin əvvəli ilə müqayisədə 1,47 milyard az);
Leonid Mixelson - 27,5 milyard (4,9 milyard az);
Aleksey Mordaşov - 23,1 milyard (5,7 milyard az);
Vladimir Lisin - 23 milyard (azalma 4,97 milyard);
Alişer Usmanov - 19,8 milyard (1,5 milyard az).
“Lukoil”-in həmtəsisçisi Vahid Ələkbərov digər varlı rusiyalılardan daha çox itirib. Onun sərvəti ilin əvvəlindən 17,4 milyard dollar azalıb. Hazırda Ələkbərovun sərvəti 5,36 milyard dollar qiymətləndirilir. ˝Bloomberg˝-in siyahısında sonuncu yeri tutur.
Bundan başqa, Gennadi Timçenkonun (ruslar arasında səkkizinci yer) sərvəti 6,03 milyard azalaraq 16,4 milyarda, Roman Abramoviçin (doqquzuncu yer) sərvəti isə 3,6 milyard dollar azalaraq 14,4 milyard dollara düşüb.
Siyahıda yer alan rusiyalıların bəziləri isə əksinə, ilin əvvəlindən sərvətlərini artırıblar. Ən böyük artım ˝Akron˝-un əsas sahibi Vyaçeslav Kantorda (12-ci yer) olub. Onun sərvəti 4,57 milyard dollar artaraq 13,6 milyard dollara çatıb.
Fevralın 23-də, yəni Rusiyanın Ukraynaya təcavüzündən bir gün əvvəl ˝RİA Novosti˝ də ˝Bloomberg˝ reytinqindən 23 ən zəngin rusiyalının ümumi sərvətinin ilin əvvəlindən nə qədər azaldığını hesablayıb. O zaman ümumi azalma 32 milyard dollar olub, ən çox itki Gennadi Timçenkoda qeydə alınıb - 6,47 milyard dollar. Hazırkı sərvət azalmalarında lider Vahid Ələkbərovun var-dövləti o zaman 19,3 milyard dollar qiymətləndirilirdi.