129 Ukrayna vətəndaşı Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edib

129 Ukrayna vətəndaşı Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edib
19 Aprel 2022
Mətni dəyiş

Ukraynada müharibə başladığı gündən etibarən bu ölkənin 114 vətəndaşı qaçqın statusu almaq xahişi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Bu barədə DMX Turan-ın sorğusuna cavabda bildirib. Qeyd olunub ki, ailə üzvləri ilə birlikdə onların sayı 129 nəfərdir.

"Bütün müraciət edənlər Azərbaycanda olduqları yer üzrə DMX-də qeydiyyatdan keçiblər. Bu insanların ehtiyacları müəyyən edilib və təmin edilib, zəruri yardım göstərilib və onlar müvafiq təşkilatlara göndəriliblər", deyə dövlət xidmətindən bildiriblər.

Azərbaycan qanunvericiliyinə əsasən, qaçqın statusu üçün müraciət edən şəxslərə Azərbaycanda müvəqqəti olaraq yaşamaq, işləmək, tibbi yardım almaq və s. icazəsi verilir, deyə idarədən əlavə ediblər.

DMX aprelin 7-nə olan məlumata görə müharibə ilə əlaqədar Ukraynanı tərk edən 6163 ölkə vətəndaşının Azərbaycana gəldiyi barədə məlumat vermişdi.

Əlavə edək ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti Ukraynanı tərk edən insanlara psixoloji yardım proqramı yaradıb. Bu barədə DMX-nin saytında bildirilir. Proqram martın 3-dən fəaliyyət göstərir və DMX yanında İctimai Şuranın layihəsidir. "Proqramda Ukraynada yaranan vəziyyətlə əlaqədar ölkəni tərk edən azərbaycanlılar, habelə bu regiondan olan digər qaçqınlar iştirak edə bilərlər", deyə xidmətin məlumatında bildirilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun