4 Aprel 2022
Mətni dəyiş
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Ukraynada baş verənlərlə bağlı hesabat yayıb. Beynəlxalq təşkilatın məlumatına görə, Rusiya qoşunlarının ölkəyə hücumu başlayandan bəri azı 1417 dinc sakin həlak olub, 2038 nəfər isə ağır yaralanıb.
Təşkilat həm də 121 azyaşlı uşağın ölümünü müstəqil şəkildə təsdiqləyə bilib: müharibə zamanı 22 qız və 40 oğlan həlak olub, 59 uşağın cinsini müəyyənləşdirmək mümkün olmayıb. Təşkilatın məlumatına görə, 171 uşaq ağır yaralanıb.
BMT-nin məlumatına görə, ölümün ən çox yayılmış səbəbi "ağır artilleriyadan və çoxsaylı raket sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri də daxil olmaqla geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi" olub.
Təşkilatın bəyanatında bu rəqəmə Rusiya qoşunlarının çıxarılmasından sonra Kiyev vilayətində tapılan ölən mülki şəxslərin daxil olub-olmaması barədə məlumat verilmir.
Aprelin 3-də səhər saatlarında jurnalistlər və Ukrayna rəsmiləri Kiyevin şimal-qərbində yerləşən Buça şəhərinin küçələrində onlarla insanın öldüyü barədə məlumat veriblər. Ölənlərin mülki geyimli, bəzən əlləri bağlanmış şəkilləri Reuters, UNIAN, AFP tərəfindən yayımlanıb.