23 Aprel 2022
Mətni dəyiş
ABŞ və Avropa İttifaqının rəsmiləri Rusiya neftinin idxalını məhdudlaşdırmaq və Moskvanın xammal satışından əldə etdiyi gəliri azaltmaq üçün Aİ-nin mümkün tədbirlərini müzakirə edirlər. Bu barədə ˝Bloomberg˝-ə danışıqlara yaxın mənbələr məlumat verib.
ABŞ və Aİ-nin nəzərdən keçirdiyi variantlar arasında tədarüklərə tam qadağa, qiymət həddi təyin etmək və Ukraynada müharibə başlayandan bəri Rusiya tərəfindən əldə edilən gəlirləri saxlamağa imkan verəcək hesablaşma mexanizmindən istifadə etmək var.
Mənbələrdən biri bildirib ki, danışıqların məqsədi Rusiya prezidenti Vladimir Putinə hansı “mümkün olan ən güclü zərbənin” vurula biləcəyini müəyyən etməkdir.
Eyni zamanda ABŞ ehtiyat edir ki, Rusiya neftinin Aİ-yə tədarükünə tam qadağa qoyulması bu enerji daşıyıcısının qiymətlərinin kəskin artmasına və Kremlə daha çox gəlir gətirə bilər. ˝Bloomberg˝-in həmsöhbətlərindən biri deyib ki, Aİ ölkələri üçün xam neft idxalının məhdudlaşdırılması ilə bağlı konsensusa gəlmək dizel yanacağı və digər məhsullara embarqodan daha asan olacaq.