Martın 4-ü Ukrayna hökuməti NATO-ya müraciət edərək ölkənin hava sahəsinin mühafizə edilməsini xahiş edib. Bildirilib ki, bunu gecikmədən etmək lazımdır.
Xahişi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO xarici işlər nazirlərinin toplantısında səsləndirib. “Vladimir Putinin Ukraynanı Suriyaya çevirməyinə imkan vermək olmaz. Biz döyüşməyə hazırıq. Biz mübarizəmizi davam etdirəcəyik. Ancaq indi bizim konkret, qətiyyətli və çevik addımlarla kömək edəcək tərəfdaşlara ehtiyacımız var”, - o bildirib. Daha sonra məsələ ilə bağlı açıqlama verən NATO Baş katibi Yens Stoltenberq bildirib ki, NATO Ukrayna səmasını bağlamayacaq, alyans qoşunları orada olmayacaq. Bu akt baş versə, NATO Rusiya il birbaşa müharibəyə girər. Məsələyə Ukrayna prezidenti Vladimir Zelenski sərt reaksiya verib. Zelenski bildirib ki, bu gündən sonra bütün həlak olanların məsuliyyətini həm də NATO daşıyır. "Bu gün NATO-nun çox zəif sammiti keçdi. Heç də hamının Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd hesab etmədiyini göstərən sammit. NATO yeni zərbələrin və itkilərin qaçılmaz olduğunu bilərək Ukrayna səmasını bağlamamaq barədə şüurlu qərar verdi. Biz inanırıq - NATO ölkələri özləri belə bir rəvayət yaradıblar ki, guya Ukrayna səmasının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq", - deyə Zelenski bildirib. Prezident əlavə edib ki, bu gün Alyansın bacardığı yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürməkdir.Zelenski bununla yanaşı, Ukraynanın NATO-dakı dostlarına da minnətdarlığını bildirib.
"Orada çoxlu dostlarımız, tərəfdaşlarımız var, çoxu güclü tərəfdaşlardır. Dövlətimizə nə olursa-olsun kömək edənlər. İşğalın ilk günündən. Və əminəm - qələbəyə qədər. Biz mübarizəmizi davam etdiririk. Biz ölkəmizi qoruyacağıq. Torpaqlarımızı azad edəcəyik. Qəhrəmanlarımıza təşəkkürlər”, - Zelenski vurğulayıb.