30 Mart 2022
Mətni dəyiş
Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 34-cü gününün yekunları ilə bağlı videomüraciət edib. O, Rusiya və Ukrayna arasında martın 29-da İstanbulda keçirilən sülh danışıqlarının yeni raundunun nəticələrini şərh edib.
˝Danışıqlar platformasından eşitdiyimiz siqnalları müsbət adlandırmaq olar. Amma bu siqnallar rus mərmilərinin partlayışlarını boğmur. Təbii ki, biz bütün riskləri görürük. Təbii ki, məhvimiz üçün mübarizəni davam etdirən dövlətin müəyyən nümayəndələrinin sözlərinə inanmağa əsas görmürük. Ukraynalılar sadəlövh insanlar deyillər. Ukraynalılar artıq həm işğalın bu 34 günü, həm də Donbassdakı müharibənin son səkkiz ili ərzində öyrəniblər ki, yalnız konkret nəticəyə etibar etmək olar.
Təbii ki, Ukrayna danışıqlara hazırdır və danışıqlar prosesini həqiqətən bizdən asılı olan dərəcədə davam etdirəcək. Biz nəticəyə ümid edirik. Bizim üçün, dövlət üçün, suverenlik üçün real təhlükəsizlik olmalıdır. Ukraynanın suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir. Bizim suverenlik və ərazi bütövlüyümüzlə bağlı heç bir güzəşt ola bilməz və olmayacaq. Bunlar aydın prinsiplərdir, mümkün nəticəyə aydın baxışdır˝, Zelenski deyib.
İstanbulda keçirilən görüşün nəticəsi olaraq Ukrayna Rusiya ilə sülh müqaviləsi bağlamaq üçün bir sıra təkliflər irəli sürüb. Xüsusən də Kiyev Moskvaya Krımın və Sevastopolun statusu ilə bağlı 15 il ərzində ikitərəfli danışıqlar aparmağı təklif edir, eyni zamanda münaqişənin həlli üçün silahlı qüvvələrdən istifadə etmir. Donbass məsələsini iki ölkə prezidentləri ayrıca bənd kimi müzakirə etməli olacaqlar.
Ukrayna həmçinin təhlükəsizlik zəmanəti müqabilində NATO-ya və digər ittifaqlara qoşulmaq ideyasından imtina etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, Ukrayna nümayəndə heyətinin iştirakçıları Kiyevin yalnız 1991-ci ildə olduğu ölkənin sərhədlərini tanıdığını vurğulayıblar.
Öz növbəsində Rusiya tərəfi İstanbuldakı görüşün yekunlarına əsasən Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi kəskin şəkildə azaldacağını bəyan edib.