Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Moskva ilə aparılan danışıqlarda istənilən nəticənin əldə olunmadığını bildirib.
Bu barədə o, video-müraciətində açıqlama verib.
Prezident həmçinin qeyd edib ki, danışıqların ilkin mərhələsi analiz ediləcək və ikinci mərhələnin hansı formatda keçiriləcəyinə qərar verəcək. Ukrayna və Rusiya arasında dünən, fevralın 28-də Belarusda baş tutub.
Dünən gecə Rusiya qoşunları Ukraynadakı hərbi əməliyyatlarını davam etdirib. Paytaxt Kiyevə olan növbəti həmlələr dəf edilib. Dünən və bu gün Xarkov şəhərinə raket zərbələri endirilib. Mülki infrastruktura yönəlmiş hücumlar zamanı onlarla insanın öldüyü bildirilir. Məlumata görə, hazırda Rusiya qoşunları Xerson və Mariopol şəhərlərini mühasirəyə alıb.
Beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı sərt sanksiyaları isə davam edir.
Kanada Rusiya neftinin idxalından imtina edən ilk ölkə olub. Yaponiya Rusiya Prezidenti Vladimir Putinə və Rusiyanın Mərkəzi Bankına sanksiyalar tətbiq edib. İsveç iki əsr sonra öz bitərəfliyini pozaraq Ukraynaya hərbi yardım göstərmək barədə qərar qəbul edib.
Dünən Volodimir Zelenskinin Ukraynanın Avropa İttifaqına üzvlüyünə rəsmi üzv olması üçün müraciət edəndən sonra İttifaqın bir çox üzvləri ona dəstək veriblər. Hazırda rəsmi Kiyevin tezliklə Aİ-yə üzv olacağı ehtimal edilir.