22 Mart 2022
Mətni dəyiş
Rusiya və Ukraynanın danışıqlarda əldə edəcəyi kompromislərlə bağlı yekun qərar ümumUkrayna referendumunda veriləcək. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinə müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, söhbət Ukrayna, eləcə də Donbass və Krım üçün təhlükəsizlik zəmanətləri ilə bağlı kompromislərdən gedir.
˝Mən bütün danışıqlar qruplarına izah etdim: Siz tarixi ola bilən bütün bu dəyişikliklərdən danışanda biz heç yerə getməyəcəyik, referendum keçirəcəyik. Xalq bu və ya digər kompromis formatlarına cavab verməli olacaq. Amma onların nə olacağı artıq bizim Ukrayna ilə Rusiya arasındakı söhbətimiz və anlaşmamız məsələsidir. Ona görə də mən bu yolu xalqımızla birlikdə getməyə hazıram˝.
Rusiya ilə Ukrayna arasında danışıqlar fevralın 28-də, Rusiya işğalının dördüncü günündə başlayıb. Danışıqların ilk bir neçə raundu Belarusda əyani şəkildə keçirilib, daha sonra tərəflər videobağlantı vasitəsilə müzakirəni davam etdiriblər.
Rusiyanın Ukraynaya qarşı tələbləri arasında neytral status (NATO-ya üzv olmaq istəyinin rədd edilməsini nəzərdə tutur), “demilitarizasiya” və “denazifikasiya” var. Rusiya həmçinin Ukraynadan Krımı Rusiyanın ərazisi kimi, DXR və LXR-i isə müstəqil dövlət kimi tanımasını tələb edir.
Martın 18-də danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, tərəflər Ukraynanın neytral statusu ilə bağlı “mövqelərini mümkün qədər yaxınlaşdırıblar”.
Medinskinin sözlərinə görə, Ukrayna öz ordusu və donanması ilə “neytral silahsızlaşdırılmış dövlətin Avstriya, İsveç versiyasını” təklif edir.