4 Mart 2022
Mətni dəyiş
Ukrayna prezidenti Volodimir Zelenski videomüraciət edərək, Rusiya qoşunlarını Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-ə hücumda ittiham edib.
O, bəyanatı zamanı Rusiyanın dinc vətəndaşlarına da rus dilində müraciət edib.
˝Biz Ukrayna və Avropanın tarixini sonlandıra biləcək bir gecədən sağ çıxdıq. Rusiya qoşunları Zaporojye atom elektrik stansiyasına hücum edib. Rusiya tankçıları stansiyanı birbaşa atəşə tutublar.
Rus xalqı, sizə müraciət etmək istəyirəm! Bu, necə mümkündür? 1986-cı ildə Çernobıl faciəsinin nəticələri ilə birlikdə mübarizə apardıq. Partlayış nəticəsində səpələnmiş yanan qrafiti xatırlamalısınız. Qurbanlar. Məhv edilmiş güc qurğusunun üstündəki parıltını xatırlamalısınız. Pripyatdan və 30 km zonadan evakuasiyanı xatırlamalısınız. Necə unuda bilərsiniz?
Əgər unutmamısınızsa, səssiz qala bilməzsiniz. Öz hökumətinizə deməlisiniz, küçələrə çıxıb yaşamaq istədiyinizi, radioaktiv zəhərlənmə olmadan Yer üzündə yaşamaq istədiyinizi deməlisiniz. Radiasiya Rusiyanın harada olduğunu bilmir. Radiasiya ölkənizin sərhədlərinin harada olduğunu bilmir˝.