5 Mart 2022
Mətni dəyiş
Ukrayna prezidenti Vladimir Zelenski avropalıları öz şəhərlərinin küçələrinə çıxmağa və Rusiya ilə müharibədə Ukraynaya dəstək verməyə çağırıb.
O, bu barədə telekörpü və Ukraynaya dəstək aksiyasında iştirak edən Avropa şəhərlərinin sakinlərinə müraciəti zamanı bildirib.
Prezident Aparatının canlı yayımı zamanı Zelenski qeyd edib ki, o, çıxışının ilk dəqiqəsini bütün həlak olan Ukrayna hərbçilərinin, xüsusi təyinatlılarının, polislərinin, kəşfiyyatçılarının, yanğınsöndürənlərinin – “indi aramızda olan, amma bizim artıq görmədiyimiz canını verənlərin xatirəsini əbədiləşdirməyə həsr edir".
"İkinci dəqiqədə isə mülki vətəndaşlarımızın: böyüklərin və uşaqların, canını verən, lakin bundan xəbəri olmayan onlarla, yüzlərlə insanın şərəfinə susmaq istəyirəm. Onlar canlarını verib, əbədi dinclik tapıblar. Xahiş edirəm, onların xatirəsini sükutla yad edin”, - deyə dövlət başçısı bildirib.
Üçüncü dəqiqəni isə prezident Avropa xalqlarına həsr edib.
"Susmayın! Küçələrə çıxın! Ukraynanı dəstəkləyin! Azadlığımızı dəstəkləyin! Çünki bu, təkcə Rusiya hərbçiləri üzərində qələbə deyil, bu, işığın qaranlığa qalib gəlməsidir. Bu, xeyirin şər üzərində qələbəsidir. Bu gün Ukrayna ərazisində baş verənlər üzərində qələbə. Çünki Ukrayna tab gətirməsə, bütün Avropa da tab gətirməyəcək. Ukrayna çöksə, bütün Avropa çökəcək. Əgər biz qalib gəlsək – mən xalqımıza arxayınam, sizə də arxayınam – bu, demokratiyanın, dəyərlərin, azadlığın böyük qələbəsi olacaq”, – deyə Zelenski bildirib.
"O zaman sükut anları firavanlıq illərinə çevriləcək. Avropa, Ukrayna xalqı kimi güclü ol! Slava Ukraini!", - deyə prezident vurğulayıb.
Frankfurt, Praqa, Lion, Tbilisi, Vyana, Bratislava, Vilnüs şəhərlərində Ukraynaya dəstək və rus işğalına qarşı mitinqlər keçirilib. Onlarda ümumilikdə 200 minə yaxın insan iştirak edib.