Müharibənin başladığı gündən bəri silah susmayan Xarkovda yenə ağır döyüşlər gedir. Bu barədə Ukrayna Ali Radasının teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya Xarkov şəhərinə desant qoşunu çıxarıb, Ukrayna döyüşçüləri onlarla döyüşə girib."Rusiya desantları Xarkova enib. İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb", - məlumatda deyilir.
"Ukraynanın Operativ Silahlı Qüvvələri" teleqram kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.
Fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin yüzlərlə dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.