7 Mart 2022
Mətni dəyiş
Ukraynaya silahlı müdaxilə başlayandan sonra ən azı 150 jurnalist Rusiyanı tərk edib. ˝Agentstvo˝nəşrinin məlumatında belə deyilir.
Getməyin əsas səbəbi Rusiyada faktiki olaraq hərbi senzuranın tətbiq edilməsidir. “Rusiya ordusu haqqında saxta məlumat haqqında” qanunu martın 4-də Rusiya prezidenti imzalayıb.
Bu qanunun qəbulundan sonra cinayət təqibi təhlükəsi ilə əlaqədar BBC-nin Rus Xidməti Rusiyada fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib, redaksiya Rusiya Federasiyasından kənarda fəaliyyət göstərəcək.
“Novaya qazeta” Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı materialları sildiyini açıqlayıb və “The Bell” münaqişəni işıqlandırmağı dayandırmaq qərarına gəlib.
Bundan əlavə, ˝Nastoyaşeye Vremya˝, Meduza, Mediazona, BBC, DW, Radio Svoboda və onun layihələri də daxil olmaqla bir çox nəşrlərin saytları bloklanıb. “Exo Moskvı” radiostansiyası ləğv edilib, “Dojd”, “Colta” və digər nəşrlər fəaliyyətini dayandırıb.
˝Agentstvo˝nəşri 17 media orqanının əməkdaşları ilə müsahibə aparıb və məlum olub ki, jurnalistlərin əhəmiyyətli hissəsi bir çox KİV-ləri - məsələn, Meduza-nın demək olar ki, bütün Moskva redaksiyasını tərk edib. “Dojd”, “Exo Moskvı” və “Novaya qazeta”nın bəzi jurnalistləri, eləcə də xarici KİV-in büro və şöbələrinin bir çox əməkdaşı da gedib. Bəzi jurnalistlər, məsələn, “Dojd”un baş redaktoru Tixon Dzyadko, eyni kanalın aparıcısı Mixail Fişman, “Republic” nəşrinin baş redaktoru Dmitri Kolezev, kino tənqidçisi Anton Dolin getdiklərini elan ediblər.
Rusiyada ordunun nüfuzdan salınması maddəsi ilə artıq bir neçə gün ərzində onlarla inzibati iş açılıb.
Martın 6-da Kemerovo məhkəməsi yerli sakini müharibə əleyhinə etiraz aksiyalarına çağırdığına görə 60 min rubl cərimələyib. Bundan əvvəl Kostroma sakininin cərimələnməsi barədə məlumat yayılmışdı.
Krasnoyarsk məhkəməsi fəal Vera Kotovanı Vladimir Leninin qarla örtülmüş qranit abidəsinin üzərinə “Müharibəyə yox” yazdığına görə cərimələyib.