2 Mart 2022
Mətni dəyiş
Rusiya qoşunlarının genişmiqyaslı işğalı və Belarus ərazisindən təcavüzün başlamasından bəri Ukraynada 2000-dən çox dinc sakin həlak olub. Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
"Müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturunu, yaşayış binalarını, xəstəxanaları və uşaq bağçalarını dağıdıb. Bu müddət ərzində müdafiəçilərimizi nəzərə almasaq, artıq 2000-dən çox ukraynalı həlak olub", - rəsmi məlumatda deyilir.
Qeyd olunur ki, hazırda Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əsas səyləri insanların xilas edilməsinə yönəlib.
Onlar 150-dən çox insanın həyatını xilas etməyə müvəffəq olub, düşmənin atəşindən sonra yaranan 400-dən çox yanğını söndürüb, 500-dən çox insanı təxliyə ediblər. Pirotexniklər 416 partlayıcı obyekti zərərsizləşdirib. Təəssüf ki, tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb.
Xilasedicilər vurğulayırlar ki, Ukrayna üçün bu çətin anda Polşa kömək əlini uzadıb. Hazırda Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə yeddi ədəd müasir yanğın-xilasetmə texnikasının təhvil verilməsi prosesi başa çatdırılır.
Eyni zamanda, BMT Rusiyanın hücumu səbəbindən artıq 836 min insanın Ukrayna ərazisini tərk etdiyini bildirir.