Martın 3-də yerli vaxtla saat 1:40-dan sonra (Bakı vaxtı ilə saat 3:30-dan sonra) Ukraynanın paytaxtında silsilə partlayışlar baş verib. Partlayış səsləri Kiyevin müxtəlif rayonlarında eşidilib.
Hadisə şahidlərinin məlumatına görə, Peçersk, Qoloseevo rayonlarında partlayış səsləri eşidilir. Metronun “Xalqlar Dostluğu” stansiyası ərazisində də partlayışlar baş verib.
Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqlara çağırılıb.
Bununla bərabər, Ukrayna Prezidenti Volodimir Zelenski martın 3-nə keçən gecə xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.
"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular", - Zelenski bildirib.
Zelenski deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Yəni ölkəmizə, xalqımıza, ürəyində azadlıq olan hər bir insana nifrətlə hesablanmış...(planları-red). Amma biz onları saxladıq və əzdik”, - Prezident vurğulayıb.
Zelenski əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, hətta sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: "Və onlar yalnız bir şey deyirlər. Nə üçün burada olduqlarını bilmirlər".