Rusiyanın Ukraynaya təcavüzünün 8-ci günündə vəziyyət qlobal faciəyə səbəb olacaq qədər pisləşib. Belə ki, Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını raket atəşinə tutub. Nəticədə Stansiyada yanğın başlayıb.
Bundan sonra AES ərazisində Ukrayna və Rusiya hərbçiləri arasında atıcı silahlardan qarşıdurma yaranıb.
Daha sonra Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayaraq bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb.
Məsələ ətrafında Qərb ölkələrinin liderləri təcili telefon görüşləri keçiriblər. Amerika prezidenti Baydenlə də məsələni müzakirə edən Ukrayna prezidenti Zelenski məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada bildirilib ki, dünya dövlətləri artıq bu təcavüzkarlara daha ciddi cavab verməlidirlər.
“Avropa indi oyanmalıdır! Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır və Rusiya tankları nüvə bölmələrini atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni hara atəş açdıqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.