Rusiyanın fevralın 24-dən Ukraynaya hərbi müdaxiləsi nəticəsində ümumilikdə 117 ukraynalı uşaq öldürülüb.
Xəbəri UNİAN yayıb.
Bildirilir ki, 155 azyaşlı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib ki, hərbi müdaxilə zamanı mülki vətəndaşlara qarşı müharibə cinayətlərinə yol verilir.
Ukrayna Baş Prokurorluğu da uşaqların öldürülməsi və yaralanması ilə bağlı açıqlama yayıb.
Açıqlamada vurğulanır ki, indiyədək Kiyev vilayətində 58, Xarkovda 40, Çerniqovda 31, Donetskdə 30, Nikolayevdə 24, Kiyev şəhərində 16, Jitomir və və Xersonda 15, Sumıda 14 uşaq müharibədən zərər çəkib.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.