İstanbulda keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvləri Rusiyaya iki ölkənin Krım və Sevastopolla bağlı mövqelərini razılaşmada müəyyən etməyi təklif ediblər.
Bu barədə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib. Onun sözlərinə görə, 15 il ərzində Krımın və Sevastopolun statusu ilə bağlı ikitərəfli danışıqların aparılması təklif olunur.
Ukrayna tərəfi danışıqların getdiyi bu müddət ərzində Ukrayna və Rusiyanın Krım məsələsini həll etmək üçün silahlı qüvvələrdən istifadə etməyəcəyini ayrı bir bənddə qeyd etməyi təklif edib.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna nümayəndələri ilə görüşdən sonra “danışıqların konstruktiv keçdiyini” bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynanın "müqaviləyə əlavə edilməsi üçün aydın şəkildə ifadə edilmiş mövqeyini" qəbul edib. “Yaxın vaxtlarda bu təkliflərə baxılacaq, prezidentə məlumat veriləcək və müvafiq cavabımız elan ediləcək”, - Medinski vurğulayıb.
Medinski həmçinin Vladimir Putin və Volodimir Zelenski arasında sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda baş tuta biləcək mümkün görüşü açıqlayıb.
“Bugünkü əhəmiyyətli söhbətdən sonra biz razılaşdıq və təklif edirik ki, müqavilənin paraflanması ilə eyni vaxtda dövlət başçılarının görüşünün keçirilməsi mümkün olsun. Təklif olunan format belədir: əvvəlcə saziş hazırlanır, sonra saziş nümayəndə heyəti tərəfindən təsdiqlənir, iclasda xarici işlər nazirləri tərəfindən təsdiqlənir, bundan sonra bu sazişin imzalanması üçün dövlət başçılarının görüşünün mümkünlüyü müzakirə olunur", Medinski deyib.
İstanbulda aparılan danışıqlardan sonra Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin kəskin azaldığını açıqlayıb.
İstanbuldakı danışıqlardan bir gün əvvəl “Financial Times” öz mənbələrinə istinadən yazıb ki, Rusiya danışıqlar zamanı bir sıra ilkin tələblərdən, o cümlədən Ukraynanın “denazifikasiyası”ndan imtina etməyə hazırdır. Nəşrin məlumatına görə, tərəflər Ukraynanın təhlükəsizlik təminatları müqabilində NATO-ya üzv olmaqdan imtina etməli olduğu mümkün sazişləri və Avropa İttifaqına daxil olmaq perspektivini müzakirə edirlər.