Martın 3-də Ukrayna-Rusiya danışıqlarının ikinci turu baş tutub. Belarus-Polşa sərhədində baş tutan görüş axşam saatlarında başlayıb.
Ukraynanın nümayəndəsi Mixailo Podolyak "böyük təəssüflə" deyib ki, danışıqlarda "ümid etdiyimiz nəticə əldə edilmədi".
Lakin o qeyd edib ki, tərəflər "dinc sakinlərin təxliyəsi üçün humanitar dəhlizlərin birgə təhlükəsizliyini, həmçinin ən şiddətli döyüş yerlərini dərman və ərzaqla təmin etməyə" dair anlaşma əldə gəliblər.O əlavə edib ki, "bəzi sektorlarda təxliyə müddətində müvəqqəti mümkün atəşkəs" də müzakirə edilib.
Ancaq Rusiya Federasiyası prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə danışıqların ikinci mərhələsinin yekunlarına dair əldə edilmiş razılaşmaları əhəmiyyətli irəliləyiş adlandırıb.
"Bu gün həll edilmiş əsas məsələ hərbi toqquşmalar zonasında qalmış insanların, dinc sakinlərin xilas edilməsi məsələsidir. Buna görə də tərəflər - Rusiya Federasiyası Müdafiə Nazirliyinin, Ukraynanın Müdafiə Nazirliyinin nümayəndələri - mülki əhalinin çıxışı üçün humanitar dəhlizlərin qorunması rejiminin formatı, mülki əhalinin çıxışı dövründə humanitar dəhliz sektorunda hərbi əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər. Düşünürəm ki, bu, əhəmiyyətli irəliləyişdir", - deyə o jurnalistlərə bildirib.
Görüşün 3-cü raundda da davam etdirilməsi ilə bağlı razılığa gəlinib.