7 Mart 2022
Mətni dəyiş
Rusiya hakimiyyəti Suriya sakinlərini Ukraynadakı müharibədə iştirak etmək üçün cəlb edir. Bu barədə “The Wall Street Journal”a (WSJ) adı açıqlanmayan dörd ABŞ rəsmisi məlumat verib.
Rusiya hakimiyyəti küçə döyüşlərində təcrübəsi olan suriyalıları axtarır və ümid edir ki, bu, Kiyevi ələ keçirməyə kömək edəcək. WSJ qeyd edir ki, ekspertlər bu addımın hərbi əməliyyatların eskalasiyasını göstərə biləcəyini irəli sürürlər.
Nəşrin neçə suriyalının işə götürüldüyü barədə məlumatı yoxdur. ˝Onların bəziləri artıq Rusiyadadır və Ukraynaya getməyə hazırlaşırlar˝, - nəşrin həmsöhbətlərindən biri bildirib.
Bir həftə əvvəl Suriyanın “Deirezzor24” nəşri Rusiyanın Suriyada muzdluları, eləcə də obyektlərin mühafizəsi üçün insanları cəlb etdiyini yazıb. Sonunculara 6 ay iş və 200-300 dollar maaş vəd edilir. Deirezzor24-ə görə, cəlbetmə prosesində xüsusilə ˝Wagner˝ Özəl Hərbi Şirkəti iştirak edir.
Pentaqonun məlumatına görə, hazırda Rusiya işğaldan əvvəl Ukrayna sərhədləri yaxınlığında cəmləşmiş qüvvə və vasitələrinin 95%-ni istifadə edib (əvvəlki hesablama iki gün əvvəl 92% idi).
Bundan əvvəl Ukrayna Rusiya ilə müharibədə iştirak etmək üçün əcnəbi könüllülərin cəlb olunduğunu açıqlamışdı. Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, 52 ölkədən 20 min insan Ukraynaya könüllü olaraq gəlib.