23 Mart 2022
Mətni dəyiş
Ukraynadakı müharibə fonunda ABŞ prezidenti Co Baydenin administrasiyası 400 rusiyalıya, o cümlədən Rusiya Federasiyası Dövlət Dumasının 328 deputatına və Rusiya elitasının nümayəndələrinə qarşı yeni sanksiyalar hazırlayır. Bu barədə “The Wall Street Journal” ABŞ rəsmiləri arasındakı mənbələrə və daxili sənədlərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, sanksiyalar Avropa İttifaqı və “Böyük Yeddilik” (G7) üzvləri ilə razılaşdırılır. Baydenin martın 24-də Avropaya səfəri zamanı yeni məhdudiyyətləri elan edəcəyi gözlənilir. Həmin gün, əvvəllər Ağ Evin xəbər verdiyi kimi, Brüsseldə NATO-nun fövqəladə sammiti keçiriləcək.
“Reuters” xəbər verir ki, Qərb ölkələri Rusiyanın G20-yə üzvlüyü məsələsini də müzakirə edirlər. Daha əvvəl Polşada onlar Amerika hakimiyyətinə Rusiya Federasiyasının qrupdan çıxarılmasını təklif etdiklərini bildiriblər.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan təsdiqləyib ki, Vaşinqton və onun müttəfiqləri məsələni araşdırır. “Böyük 20-lik məsələsində mən sadəcə olaraq bunu deyəcəyəm: biz hesab edirik ki, Rusiya artıq beynəlxalq qurumlarda və beynəlxalq birlikdə işini həmişəki kimi apara bilməz”, o deyib.
Ümumilikdə Rusiya Federasiyası Dövlət Dumasında 450 deputat var. Bundan əvvəl Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımasını dəstəkləyənlərə qarşı Avropa sanksiyaları artıq tətbiq edilmişdi.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ Rusiya Federasiyasına qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib. Onlar Rusiyanın bir sıra iri banklarına, şəxsən Rusiya prezidenti Vladimir Putinə və yüksək vəzifəli siyasətçilərə təsir edib. Bundan əlavə, Vaşinqton Rusiya Federasiyasına mikroelektronikanın ixracı qaydalarını sərtləşdirib və Rusiya neft və qazının idxalını qadağan edib.
Buna cavab olaraq Rusiya Kanadanın baş naziri Castin Trüdo, ABŞ prezidenti Co Bayden və daha 12 yüksək rütbəli ABŞ rəsmisinə qarşı şəxsi sanksiyalar tətbiq edib.