28 Mart 2022
Mətni dəyiş
Taliban kişi və qadınların istirahət parklarında gəzmələri üçün fərqli günlər tətbiq edib. Bu barədə “Aamaj News” agentliyi Fəzilət və Təbiət Nazirliyinin əmrinə istinadən xəbər verir.
“Qadınlar bazar, bazar ertəsi və çərşənbə axşamı istirahət və əyləncə yerlərinə baş çəkə bilərlər, kişilər üçün isə çərşənbə, cümə axşamı, cümə və şənbə günləri ayrılıb”, - sənəddə deyilir.
Nazirlik bildirib ki, əfqan qadınları başlarını, boyunlarını və saçlarını gizlədərək "hicab taxmaq qaydasına riayət etməklə parklarda əylənə bilərlər". Qadınlara da “yad adamlarla ünsiyyətdən çəkinin” əmri verilib.
Kişilərə istirahət günlərində ictimai yerlərə səfər edərkən hərbi libas geyinməmələri və silah daşımamaları tövsiyə olunur. Nazirlikdən bildirilib ki, bu qaydaların pozulması halları aşkar edilərsə, istirahət parklarının müdriyyəti məsuliyyətə cəlb olunacaq, belə hallardan şikayət qəbul edilməyəcək.
Bundan əlavə, ˝Reuters˝-in məlumatına görə, martın 26-da Əfqanıstan rəsmiləri aviaşirkətlərə məktub göndərərək bildiriblər ki, artıq qadınların kişilərin müşayiəti olmadan daxili və beynəlxalq reyslərə buraxılması qadağandır. Daxili mənbələr həmin gün bəzi əfqan qadınların təyyarələrə buraxılmadığını bildirib.
Taliban qruplaşmasının nümayəndələri 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Onlar dəfələrlə qadınların hüquqlarına hörmətlə yanaşmaq niyyətində olduqlarını bildirsələr də, sonda bu azadlıqlar ciddi şəkildə məhdudlaşdırılıb və bunu etməkdə davam etdirirlər. Belə ki, Taliban Əfqanıstanda qadınların idmanla məşğul olmasını qadağan edib, onların məktəb və universitetlərdə yalnız kişilərdən ayrı və yalnız üzünü və bədənini tamamilə örtən paltarları olduqda təhsil almasına icazə verib.
Taliban qadınlara kişi qohumu müşayiət etmədikcə evlərini tərk etməməyi, Kabil meri isə qadın bələdiyyə işçilərinə əgər kişilər onların işlərini görə bilirsə evdə qalmağı tövsiyə edib. Onun qərarı mahiyyət etibarı ilə qadınların müəyyən vəzifələr istisna olmaqla, dövlət sektorunda işləməsinə qadağa qoyulması deməkdir.
Ölkədəki bütün qadın jurnalistlərin və aparıcıların başı örtülü şəkildə ekrana çıxması tələb edilib, qadınların da televiziya şoularında görünməsi qadağan edilib. Əfqanıstanın Qəzni əyalətində həkimlərə kişi müşayiət olunmadığı təqdirdə qadınları müalicə etmək qadağan edilib.
Taliban sürücülərə hicabsız qadınları aparmağı, eləcə də 72 kilometrdən çox məsafə qət edəcəksə, kişi müşayiəti olmayan əfqan qadınları avtomobilə buraxmağı qadağan edib.
Bundan əlavə, bu ay Taliban altıncı sinifdən başlayan qızlar üçün məktəbləri bağlayıb. Təhsil müəssisələri bir neçə saat çalışıb, bundan sonra tələbələr üçün növbədənkənar tətil elan edilib. Səbəbi onunla izah edilib ki, qızlar üçün İslam qanunlarına və yerli adət-ənənələrə əsaslanan kurikulum hazırlanmalıdır.