Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub.
Bununla bağlı TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən növbədənkənar iclasında qərar qəbul edilib.
Xatırladaq ki, bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı Bursa şəhəridir. 2020-ci ildə İkinci Qarabağ Müharibəsində işğaldan azad edilən Şuşa şəhəri 2021-ci il mayın 7-də Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. İşğaldan azad olunduqdan sonra Şuşa şəhərinin türk dünyasında mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı təkliflər səsləndirilirdi. Hazırda Şuşada məskunlaşma olmasa da, orada müxtəlif mədəniyyət tədbirləri keçirilir. Yaxın gələcəkdə şuşalıların Şuşaya köçürüləcəyi bildirilir.