4 Mart 2022
Mətni dəyiş
NATO müttəfiqləri hər zaman Ukraynanı dəstəkləyiblər və çətin zamanda müttəfiqlər bu dəstəyi daha da gücləndiriblər.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.
Baş katibin sözlərinə görə, Ukrayna səmasının bağlanması məsələsi NATO XİN rəhbərlərinin iclasında müzakirə olunub: “NATO müttəfiqləri razılaşırlar ki, Ukraynanın hava sərhədləri daxilində fəaliyyət göstərən NATO təyyarələri və Ukrayna ərazisində NATO qoşunları olmamalıdır”.
“Görünən odur ki, Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin gücünü az qiymətləndirib. Ukrayna Ordusu Rusiyaya qarşı savaşır və Rusiya Silahlı Qüvvələrinin irəliləməsinə imkan vermir. Bu, Ukrayna Silahlı Qüvvələrinin gücünün, Ukrayna xalqının və Prezident Zelenski başda olmaqla hökumətin cəsarətinin nəticəsidir. Biz onlara kömək edirik, NATO müttəfiqləri Ukraynanı təchiz edir. 2014-cü illə müqayisədə Ukrayna ordusu daha güclüdür, daha yaxşı təchiz olunmuş vəziyyətədir. İllər ərzində NATO-nun təchizat və keçdiyi təlimlər bu prosesdə rol oynayıb”.
Stoltenberq əlavə edib ki, NATO Rusiya-Ukrayna münaqişəsində tərəf deyil.
˝Bizim bu münaqişənin Ukrayna sərhədlərindən kənara çıxmamaqla bağlı məsuliyyətimiz var. Digər halda, bu daha çox itkilərə səbəb olacaq”.
“Prezident Putin bizi, NATO-nu bölməyə çalışdı, lakin o, uğursuzluqla üzləşdi, bu gün NATO müttəfiqləri daha çox həmrəydir. Biz Prezident Putini müharibəni dərhal dayandırmağa və Rusiya hərbi qüvvələrini heç bir şərt irəli sürmədən Ukrayna torpaqlarından çıxarmağa çağırırıq”, - Baş katib vurğulayıb.