İşlədiyi Sabunçu Rayon Polis İdarəsindən silah oğurlamaqda ittiham olunan keçmiç polis əməkdaşına hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan proseslərdə məlum olub ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev idarənin növbətçi hissəsində saxlanılan "Zəfər K" tapançalarından birini qanunsuz olaraq götürüb. Daha sonra isə tapançanı Sabunçu RPİ-nin Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayevə gizlətməsi üçün verib.
Allahverdiyev məhkəməyə ifadəsində deyib ki, pula ehtiyacı olduğu üçün silahı götürüb və onu satmaq istəyib. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından dostu xəbərsiz idi, ona bu haqda heç nə deməmişdi. Məhkəmə iş üzrə toplanan faktları yetərli hesab edib və qərarı elan edib. Qərara görə, Musa Allahverdiyev CM-in 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (qulluq mövqeyindən istifadə etməklə odlu silahı talama) maddələrilə təqsirli bilinib və 5 il 6 ay azadlıqdan məhrum edilib.
Qanunsuz silah saxlama və cinayəti bilib xəbər verməməkdə ittiham olunan Elxan Mustafayev də bu maddələr üzrə təqsirli bilinib, 3 il 6 ay azadlıqdan məhrum edilib.