8 Mart 2022
Mətni dəyiş
Ukraynadakı müharibə fonunda Britaniya-Hollandiya neft-qaz şirkəti Shell bütün Rusiya karbohidrogenləri, o cümlədən xam neft, neft məhsulları, qaz və mayeləşdirilmiş təbii qazdan mərhələli şəkildə imtina etmək niyyətindədir. Bu barədə Shell şirkəti açıqlama yayıb.
İlk addım olaraq şirkət Rusiya neftinin bütün spot alışlarını dərhal dayandıracaq və onun üzrə fyuçers müqavilələrini yeniləməyəcək, Rusiyadakı yanacaqdoldurma məntəqələrini, həmçinin aviasiya yanacağı və sürtkü yağlarının istehsalını bağlayacaq.
Qərb rəsmiləri ilə əməkdaşlıq edərək, Shell Rusiya xam neftini xaric etmək üçün xam neft tədarük zəncirini dəyişdirəcək. Şirkətin qeyd etdiyi kimi, alternativlərin axtarışı bir neçə həftə çəkə və şirkətin bir sıra neft emalı zavodlarının məhsuldarlığının azalmasına səbəb ola bilər.
BP şirkəti isə bildirib ki, onlar Rusiya neftinin və qazının (fövqəladə hallar istisna olmaqla) alınması üçün yeni müqavilələr bağlamaqdan imtina edəcəklər, lakin mövcud müqavilələr çərçivəsində Rusiya karbohidrogenlərini almağa davam edəcəklər, The Telegraph yazır.