Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumat yayaraq bildirib ki, Sərdar Berdıməhəmmədov ölkənin yeni prezidenti seçilib. Məlumatda qeyd olunub ki, seçkilərdə qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17 faizi deməkdir. İştirakçıların 72,97 faizi səsini Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdıməhəmmədova verib. Rəsmi məlumata görə, digər namizədlərdən yalnız Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov 7,22 faiz səs toplaya bilib. Digər namizədlərin hər biri ayrı-ayrılıqda 2 faiz ətrafında səs toplaya biliblər.
Ancaq seçkilərin legitimliyi mübahisələndirilir. Beynəlxalq ictimaiət hesab edir ki, seçkilər formal keçirilib və əslində hakimiyyətin atadan oğula ötürülməsi prosesi baş tutub. 40 yaşlı Sərdar Berdıməhəmmədov əvvəlki prezident Qurbanqulu Berdıməhəmmədovun oğludur.