Rusiya və Türkiyə xarici işlər nazirləri Moskvada görüşüblər. Görüş Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyaya səfəri çərçivəsində baş tutub. Görüşdən sonra mətbuata açıqlama olub. Sergey Lavrov bildirib ki, görüşdə aramızdakı münasibətləri, siyasi dialoqu, ilk növbədə Prezident Putin və Ərdoğan arasındakı münasibətləri yüksək qiymətləndirdik. İki ölkə liderlərinin başçılıq etdiyi Yüksək Səviyyəli Təhlükəsizlik Şurasının 9-cu iclasına hazırlığı müzakirə etdik. Onun sözlərinə görə, tərəflər həm də energetika sahəsində strateji layihələrin gerçəkləşməsini müzakirə ediblər. "Rəsmi Ankaranın Ukrayna məsələsində praqmatik mövqedə olduğunu və sanksiyalara qoşulmadığını vurğuladıq. Biz qeyd etdik ki, diplomatlar və hərbçilərimizin səyləri Suriya, Liviya, Dağlıq Qarabağ kimi bölgələrdə daimi atəşkəsə töhfə verir”, - S.Lavrov bildirib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, hər iki ölkə Cənubi Qafqazda sabitlik üçün birlikdə çalışmaq barədə qərar verib.
“Antalya Diplomatiya Forumunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Dialoq davam edəcək”, - vurğulayıb.