Rusiya Silahlı Qüvvələrinin Ukrayandakı döyüşlərdə dördüncü generalının öldürüldüyü bildirilir. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.
Geraşenko general-mayor Oleq Mityayevin şəklini paylaşaraq onun Mariopolda öldürüldüyünü açıqlayıb.
46 yaşlı Mityaev 2020-ci ildən Rusiya ordusunun 150-ci motoatıcı diviziyasına komandirlik edib. Ukraynanın işğalından əvvəl diviziya Rostov vilayətində, Ukrayna ilə sərhəddə yerləşdirilmişdi.
General Mityaev əvvəllər Suriyada döyüşüb və 2016-cı ildə Rusiyanın Tacikistandakı hərbi bazasına komandir təyin edilib.
Ukraynanın millətçi Azov batalyonu generalı öldürdüyünü iddia edir. Rusiya tərəfi ölüm faktını hələlik təsdiqləməyib.
Rusiyanın Ukraynadakı döyüşlərə 20 general cəlb etdiyi təxmin edilirUkrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı gecə etdiyi müraciətdə daha bir rus generalının öldüyünü bildirib, lakin zabitin adını çəkməmişdi.
Məlumata görə, Mityaev son 20 gündə Ukrayna qüvvələri tərəfindən öldürülən dördüncü rus generalıdır. Təxminlərə görə, Ukraynaya işğal zamanı Rusiya qoşunlarına komandanlıq etmək üçün 20 general yerləşdirilib.
Ukrayna rəsmiləri Rusiyanın 7-ci Hava Desant Diviziyasının komandanı general-mayor Andrey Suxovetski, Şərq Hərbi Dairəsinin komandanı general-mayor Andrey Kolesnikov və 41-ci Ordunun qərargah rəisi general-mayor Vitali Gerasimovun həlak olduğunu bildirib.