Rusiyanın Ukraynaya təcavüzünün 27-ci günündə gərginlik davam edir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna hərbçiləri ötən gün ərzində Rusiya ordusunun yeddi tankını, iki piyada döyüş maşınını, altı artilleriya sistemini və bir neçə hərbi avtomobilini məhv edib.Bundan başqa Ukrayna müdafiəçiləri gün ərzində Rusiya ordusunun yeddi hücumunu dəf edib və üç BMP-3-nü ələ keçirib.
Həmçinin, hava hücumundan müdafiə bölmələri düşmənin hava hədəflərini, yəni iki PUA, dörd təyyarə və bir “Toçka-U” raketini vurub.
Ancaq ehtimallar yaranıb ki, Belarus da Ukraynaya hərbi müdaxilə edəcək. Kosmik texnologiya şirkəti “Maxar” Belarus və Ukrayna sərhədi yaxınlığında hərbi nəqliyyat vasitələrinin yığılmasının fotolarını nümayiş etdirib. Bununla belə, diplomatik müstəvidə də hərəkətliliklər artıb. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bildirilib ki, Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqların gedişi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada kimyəvi silahdan istifadə edə bilər. Bununla bərabər, “The Wall Street Journal” qəzeti yazır ki, ABŞ Ukraynada baş verən hadisələrə görə Rusiya Dövlət Dumasının əksər deputatlarına qarşı sanksiyalar hazırlayır.