ABŞ-ın “New York Times” qəzeti Rusiya ordusunun Ukraynada məruz qaldığı itkiləri açıqlayıb.
Nəşrin məlumatına görə, fevralın 24-dən üç həftə ərzində Rusiya Ukraynada 7 mindən çox hərbçi itirib.
Qəzet bu rəqəmin 20 il ərzində ABŞ ordusunun İraq və Əfqanıstanda verdiyi itkilərin ümumi sayından çox olduğunu deyir.
Ukraynaya 150 minlik qoşun yeridən Rusiyanın 14 mindən çox hərbçisinin yaralandığı da vurğulanır. Qəzet bildirir ki, yaralanan rusiyalı hərbçilərin sayının 21 min nəfərdən çox ola bilər.
Ukrayna tərəfi Rusiyanın itkilərini daha çox göstərir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 16-da yaydığı məlumatda 13,8 min nəfər rus hərbçisinin həlak olduğu deyilir.
Baş Qərargahın açıqlamasında Rusiyanın 430 ədəd tankının, 108 ədəd helikopterinın, 84 ədəd təyyarəsinin və 43 ədəd hava hücumundan müdafiə sisteminin məhv edildiyi də bildirilir.
“New York Times” ABŞ rəsmilərinə istinadən yazır ki, müharibənin ilk üç həftəsində məruz qaldığı itkilər Rusiya ordusunun döyüş qabiliyyətinə çox mənfi təsir göstərib, rusların hərbi tapşırıqları yerinə yetirmək imkanlarını məhdudlaşdırıb.
Amerika nəşrinin məlumatına görə, Ukraynadakı döyüşlərdə Rusiyanın ən azı 3 generalı həlak olub.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub.
2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb.