22 Mart 2022
Mətni dəyiş
Moskvanın Tverskoy Rayon Məhkəməsi “Meta” şirkətini (˝Facebook˝ və ˝Instagram˝-ın sahibi) “ekstremist təşkilat” elan edib və onun sosial şəbəkələrini ekstremist fəaliyyətə görə Rusiya ərazisində qadağan edib. Bu barədə “İnterfaks” xəbər verir.
Məhkəmənin qərarında deyilir ki, Rusiyada ˝Instagram˝ və ˝Facebook˝-un qadağan edilməsi ilə bağlı məhkəmə qərarı dərhal icra edilməlidir. Hakim bildirib ki, Rusiyada ˝Meta˝-ya qoyulan qadağa ˝WhatsApp˝-a şamil edilmir.
Baş Prokurorluq şirkət bəzi ölkələrdə Facebook və İnstaqramda Rusiya hərbçilərinə qarşı təhdid və zorakılıq çağırışlarını, habelə Vladimir Putin və Aleksandr Lukaşenkoya ölüm arzularını silməyi dayandırdıqdan sonra ˝Meta˝-nın “ekstremist təşkilat” kimi tanınmasını tələb edib.
Martın 4-də Rusiyada ˝Facebook˝, martın 14-də isə ˝Instagram˝ bloklanıb. Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndəsi məhkəmədə bildirib ki, “Meta” “ekstremist təşkilat” kimi qadağan olunarsa da, ˝Facebook˝ və ˝Instagram˝-ın rusiyalı istifadəçiləri blokdan yan keçdikləri üçün cəzalandırılmayacaqlar.
Rusiya Federasiyasının İstintaq Komitəsi daha əvvəl “Meta”nın əməkdaşlarına qarşı ekstremizmə açıq çağırışlara görə cinayət işi açmışdı.