Rusiya Azərbaycanın internet mediasına blok qoyulmasını davam etdirir

Rusiya Azərbaycanın internet mediasına blok qoyulmasını davam etdirir
30 Mart 2022
Mətni dəyiş

Martın 28-də Azərbaycanın daha bir internet mediası, Baku.ws saytına Rusiya ərazisində blok qoyulub.

Baku.ws saytının təsisçisi Orxan Məmmədov bildirib ki, qərar "Roskomnadzor" (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən qəbul edilib.

"Roskomnadzor"un bu addımı qərəzli və qanunsuzdur. Bizim sayt 18 ildir Azərbaycan və Rus dillərində beynəlxalq standartlara uyğun xəbərlər yayır. Rusiya və Ukrayna arasında 24 fevral tarixində başlayan müharibədən də dəqiq, qərəzsiz və hər iki tərəfin təqdim etdiyi məlumatları dərc etməyimizə baxmayaraq, Rusiya tərəfindən demokratiya və söz azadlığına zidd mövqe ilə rastlaşdıq, saytımızın bu ölkənin ərzaisində yayılmasını məhdudlaşdırdılar,” saytın təsisçisi Amerikanın Səsinə deyib.

Baku.ws internet saytı 2004-cü ildə təsis edilib.

Bundan öncə, Rusiya ərazisində Azərbaycanın haqqin.az, virtual.az, minval.az, musavat.com, oxu.az saytaları bloklanıb.

Oxu.az saytının baş redaktoru Ülvi Səfərov bildirib ki, saytın yayımının qarşısının alınması birmənalı olaraq qəbuledilməzdir.

“Bu həm də Rusiyanın öz əhalisnin azad informasiyaya çıxışını bloklamasıdır.”

O, Oxu.az saytının bloklanmasının səbəbindən danışarkən deyib ki, bütün dünyada Rusiyanın Ukraynaya qarşı atdığı addımlar beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir.

“Bu səbəbdən də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini onların istədiyi tərzdə icitimaiyyətə çatdırmayanda, bu onların marağına cavab vermir və medianın yayımını bloklayırlar. Burada söhbət onların maraqlarına cavab verməməkdən gedir. Heç bir halda informasiyanın təhrif olunmasından, hansısa bir tərəfin üstünlüyünün əks olunmasından getmir,” o qeyd edib.

Azərbaycan Mətbuat Şurası Azərbaycanın bir sıra internet medialarının Rusiyada yayımının məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb.

“Rusiya tərəfindən söz və ifadə azadlığına, plüralizmə aşkar sayğısızlıq törədilir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə etinasız yanaşmadır. Bu, eyni zamanda, Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır,” Mətbuat Şurasının bəyanatında qeyd edilir.

Öz növbəsində, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti Azərbaycanın internet medialarının bu ölkənin ərazisində fəaliyyətinin məhdudlaşırlmasının səbəbləri ilə bağlı hələ açıqlama verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun