28 Mart 2022
Mətni dəyiş
Rusiya Ədliyyə Nazirliyi Almaniyanın Deutsche Welle (DW) nəşrini medianın - “xarici agentlərin” reyestrinə daxil edib. Müvafiq məlumat qurumun saytında dərc olunub.
Fevralın əvvəlində Rusiya Xarici İşlər Nazirliyi Almaniyada RT DE-nin yayımına qoyulan qadağaya “cavabın birinci mərhələsini” elan edib.
Moskva Rusiya ərazisində peyk və digər yayımı dayandırıb, Rusiyanın DW bürosunun əməkdaşlarının akkreditasiyasını geri götürüb və DW-nin Rusiyadakı müxbir ofisini bağlayıb.
Daha sonra DW-nin baş direktoru Peter Limburq bildirib ki, teleradio şirkəti Rusiyanı tərk edərsə, bu ölkədə baş verənləri daha da fəal şəkildə işıqlandıracaq.
"Biz Rusiyada baş verənlərə göz yummayacağıq, hesabat verəcəyik. Və getdikcə daha çox işlər görəcəyik", - Limburq bildirib.
O, Rusiya hakimiyyətinin hərəkətlərini “ifrat reaksiya” adlandırıb. Almaniya Xarici İşlər Nazirliyi də öz növbəsində bildirib ki, ˝Deutsche Welle˝-nin Rusiyada yayımının qadağan edilməsi qərarı Rusiya ilə Almaniya arasında münasibətləri daha da çətinləşdirir.
Ötən həftə Ədliyyə Nazirliyi “Troitsky Variant” qəzetini – “Nauka”, KAF xeyriyyə fondunu və “Baltikyanı dostlar” QHT-ni “xarici agentlər” siyahısına daxil edib.
Rusiyada xarici agentlər haqqında qanun 2012-ci ildə qəbul edilib. Bu, hakimiyyətə xaricdən minimum məbləğdə olsa belə, siyasi fəaliyyətlə məşğul olan istənilən qeyri-kommersiya təşkilatını “xarici agent” kimi tanımağa imkan verir. Qanunda bu cür fəaliyyətlərin müəyyən olunduğu meyarlar dəqiq müəyyən edilməmişdir ki, bu da hakimiyyətə müstəqil medianı, təhsil, mədəniyyət, səhiyyə və ətraf mühit sahəsində çalışan təşkilatları təqib etməyə imkan verir.
Qanun mövcud olduğu on il ərzində bir neçə dəfə sərtləşdirilib, təkcə təşkilatlara deyil, ayrı-ayrı şəxslərə də təsiri genişləndirilib. Fəaliyyətlərini xüsusi işarələr olmadan davam etdirən qanunu pozanlar yüz minlərlə rubl məbləğində cərimə edilir.
Ümumilikdə Rusiyada 400-ə yaxın şəxs, KİV və təşkilat “xarici agent” elan edilib.