25 Mart 2022
Mətni dəyiş
Qroznı sakinləri bildirirlər ki, övladlarını şəhərin baş məscidində Kadırovçular üçün oxunan duada iştirak etmək məqsədilə məcburi şəkildə toplayırlar. Bu haqda Kavkaz.Realii yazır.
Nəşr qeyd edir ki, uşaq bağçalarından valideynlərə göndərilən mesajda bütün ölkə ərazisində “fleşmob”da iştirakın məcburi olduğu bildirilib.
Bundan əvvəl çeçen müxalifətinin ˝1ADAT˝ hərəkatı Qroznı məscidindən foto dərc etmişdi. Fotodan görünür ki, ağ, mavi və qırmızı rəngli geyimdə olan uşaqlar bu rənglərin Rusiya bayrağındakı sırasına uyğun düzülür.
Qroznıdan olan bir neçə həmsöhbət jurnalistlərə bildirib ki, valideynlər övladlarının “fleşmob”da iştirakından imtina etsələr, onların məktəbəqədər təhsil müəssisələrindən qovulacaqları ilə hədələniblər.
"Uşaqlarımızı heç bir bağçaya qəbul etməyəcəkləri ilə hədələdilər. Ayrı-ayrılıqda dedilər ki, bu, hədə deyil, sadəcə məlumatdır, sonra özümüz qərar verməliyik. Təbii ki, oğullarımı buraxmadım", Qroznı yaxınlığındakı kəndin sakini deyib.
Digər həmsöhbət isə uşağı məscidə göndərməyə məcbur olduğunu etiraf edib. O, tədbirin təşkilatçılarının niyyətini belə izah edib: “Ukraynadakı əsgərlər üçün dua etmək məqsədilə uşaqlar toplanıb, çünki Qurana görə, Allah həmişə uşaqların dualarını qəbul edir”.
Çeçenistan hakimiyyəti uşaqların dua mərasimində iştirak etmək üçün məcburi toplanması ilə bağlı məlumatı şərh etmir.