Bu gün Avropa İttifaqının (Aİ) ikigünlük sammiti başlayır. Brüsseldə görüşən dövlət və hökumət başçıları əsasən Ukrayna ətrafında baş verən məsələləri müzakirə edəcəklər.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ABŞ lideri Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenskini sammitə dəvət edib. Ukrayna lideri videobağlantı vasitəsilə Aİ liderlərinə müraciət edəcək.
Bununla bərabər, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, ABŞ Rusiyanın beynəlxalq qurumlardan, xüsusən də G20-dən mümkün xaric edilməsi imkanlarını araşdırır və bunu müttəfiqləri, tərəfdaşları ilə müzakirə edəcək.
Avropanın yüksək rütbəli rəsmilərindən biri “İnterfaks”a deyib ki, Bayden və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edəcəklər.
Ancaq ABŞ yeni sanksiyaları elan etməyə hazırdır. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə deyib ki, biz həm siyasi xadimlər və iş adamlarına, həm də müxtəlif strukturlara şamil olunan sanksiyalar paketini elan edəcəyik.
Ukrayna prezidenti Volodimir Zelenski də keçiriləcək görüşlərdən danışıb. Prezident deyib ki, bu 3 görüş çox vacibdir:
"Bilirik ki, onlar bəzi tərəfdaşlarla işləyirlər. Müharibə mövzusunu söndürmək istəyirlər. Üç sammitdə güclü mövqelərimiz olacaq. Bu üç sammitdə kimin dost, kimin ortaq, kimin satılıb xəyanət etdiyini görəcəyik", deyə o, əlavə edib.