Martın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Əjdər Cəbiyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Növbəti proses martın 14-nə təyin edilib.
İttiham aktına əsasən, Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb. O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.