Bu gün, martın 29-da Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Şahin Hacıyevə 7 il 6 ay həbs istəyib.
Məhkəmə martın 31-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.
Hacıyev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham olunur.
Vəkil Zabil Qəhrəmanov bildirib ki, Şahin Hacıyev məhkəmədə ittihamı qəbul etməyib.
“Hacıyev protokolları işgəncə altında imzaladığını bildirdi. Onu saxlayandan sonra heç bir ekspertiza aparılmayıb, işə saxta rəy əlavə edilib. Yazıblar ki, məhkəmə-narkoloji ekspertizasının 29 noyabr tarixli rəyinə əsasən, Hacıyev heroindən sui-istifadə nəticəsində narkomaniyadan əziyyət çəkir. Lakin noyabrın 29-da heç bir narkoloji ekspetiza keçirilməyib. Şahin heç vaxt siqaret və spirtli içki istifadəçisi olmayıb,” vəkil qeyd edib.
Qəhrəmanovun sözlərinə görə, AXCP fəalını evindən aparıblar və onun evindən iki noutbuk götürüblər.
Vəkil deyib ki, Hacıyev saxlanılan zaman onun evində olan iki şəxs də məhkəmədə dindirilib və həmin şəxslər evdən narkotik maddənin götürülmədiyni təsdiq ediblər.
Məhkəmə iclasları “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı tərəfindən monitorinq edilib. Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, ittiham məhkəmə istintaqı zamanı sübut olunmayıb.
“Bu məhkəmə hüquq təcrübəsində siyasi ağırlığı olan, azad və müxalif fikrə görə cəza mexanizmi kimi yadda qalacaq. Şahin Hacıyevin məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılmayıb. Məhkəmə istintaqının verilən siyasi sifariş əsasında realizə edildiyi şübhə doğurmuir,” o qeyd edib.
Səfərovun fikrincə, Şahin Hacıyevin həbsinin səbəbi onun sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsidir.
“O, öncə inzibati qaydada həbs edilib. Bunun nəticəsi olmadıqda ittiham irəli sürülüb. Təsəvvür edin, acınacaqlı vəziyyətdə yaşayan, dolanmaq üçün evinin soyuducusunu, xalçasını satan adam bu gün narkobaron kimi təqdim olunur,” o qeyd edib.
Şahin Hacıyevin həbsi və istintaqı ilə bağlı hüquq mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb. Bununla yanaşı, bir qayda olaraq istintaq orqanı cinayət işlərinin necə aparılmasına məhkəmənin qiymət verəcəyini bildirir. Məhkəmə orqanları isə narazı tərəfin yuxarı məhkəmə instansiyaların şikayət etmək hüququnun olduğunu diqqətə çatdırır.
Azərbaycan Xalq Cəbhəsi Partiyasında əmindirlər ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazılarıdır.
Öz növbəsində, hüquq mühafizə orqanları işgəncə və sifarişli həbslə bağlı deyilənləri qəbul etmir.
Hüquq mühafizə orqanlarının rəsmiləri insanların özünü müdafiə məqsədi ilə belə bəyanatlarla çıxış etdiyini bildirir.