Çex Respublikasının paytaxtı Praqanın hakimiyyət orqanları Rusiya səfirliyinin qarşısından keçən küçələrdən birinin adını Ukrayna Qəhrəmanları küçəsinə dəyişdirmək təklifini təsdiqləyib.
Praqa bələdiyyəsinin qanunvericiləri martın 25-də Twitter səhifəsində bildiriblər ki, bu ideya iki gün əvvəl şəhərin topoqrafiya komissiyası tərəfindən təsdiqlənib. Əvvəllər həmin küçə Korunovaçni adlanırdı.
Bundan əlavə, həmin ərazidəki dəmir yol körpüsünə fevralın 24-də Rusiya qoşunlarının irəliləməsinə mane olmaq üçün Xerson vilayətindəki körpünü dağıtmaq üçün özünü partladan ukraynalı əsgər Vitali Skakunun adı veriləcək.
Ukrayna prezidenti Volodimir Zelenski ölümündən sonra Skakuna Ukrayna Qəhrəmanı adı verib.
Körpünün və küçənin adının dəyişdirilməsi təklifi indi şəhər rəhbərliyi tərəfindən təsdiqlənməlidir ki, bu da yaxın günlərdə gözlənilir.
Praqa rəsmilərinin Rusiya səfirliyi ətrafında siyasi bəyanatlarla çıxış etməsi ilk dəfə deyil.
2020-ci ildə səfirliyin yaxınlığındakı meydan prezident Vladimir Putin hökumətini açıq-aşkar tənqid edən Rusiya baş nazirinin keçmiş müavini və 2015-ci ilin fevralında Kreml yaxınlığında güllələnərək, öldürülən Boris Nemtsovun şərəfinə adlandırılıb.
Elə həmin il Praqanın meri səfirliyin arxasındakı parkdakı gəzinti yerinə 2006-cı ildə qətlə yetirilən Putin tənqidçisi Anna Politkovskayanın adını verib.