2 Mart 2022
Mətni dəyiş
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya nümayəndə heyəti martın 2-də günortadan sonra Ukrayna tərəfi ilə danışıqları davam etdirməyə hazır olacaq.
“Bu gün, günün ikinci yarısında, axşama doğru nümayəndə heyətimiz yerində olacaq və ukraynalı nümayəndələri gözləyəcək”, Peskov bildirib.
Ukrayna hakimiyyəti hələ ki, öz nümayəndə heyətinin ruslarla görüşə gəlib-gəlməyəcəyini açıqlamayıb.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski gələcəkdə Rusiya ilə ola biləcək danışıqlar üçün şərtlərini açıqlayıb. Bildirib ki, Rusiya qüvvələri atəşkəslə bağlı danışıqlara başlamazdan əvvəl “insanları bombalamağı dayandırmalıdır”.
Ukrayna və Rusiya deleqasiyasının ilk görüşü fevralın 28-də Ukrayna-Belarus sərhədində baş tutub. İkinci görüş, ilkin məlumatlara görə, Belarus və Polşa sərhədində keçiriləcək.