Ağ Ev Rusiyanın kütləvi qırğın silahlarından (kimyəvi, bioloji və ya nüvə) istifadə edəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin cavab tədbirləri planını hazırlayan "Tiger" adlı qrup yaradıb. Bu barədə 'The New York Times' mənbələri məlumat yayıb.
Eyni zamanda, ABŞ rəsmiləri Rusiyanın nüvə silahından istifadə risklərini aşağı səviyyədə qiymətləndirirlər.
Qrup həmçinin Rusiyanın Ukraynaya silah karvanlarını dayandırmaq üçün NATO ölkələrinə müdaxiləsi, Moldova və Gürcüstan ərazilərində müharibənin yayılması ssenarilərini də nəzərdən keçirir. Bundan əlavə, qrup üzvləri NATO-nun hansı halda Ukraynaya qoşun yeridə biləcəyi üzərində də işləyir.
Qrup fevralın 28-də ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın əmri ilə yaradılıb. Buraya milli təhlükəsizlik sahəsində çalışan məmurlar daxildir. Onlar həftədə üç dəfə fərdi görüşlər keçirirlər.
“Tiger” qruplaşması ilə yanaşı, Ağ Evdə Rusiya prezidentinin müharibə qərarı verməsi nəticəsində ABŞ-ın geosiyasi mövqeyini gücləndirmək yollarını nəzərdən keçirən daha bir qrup fəaliyyət göstərir.
Fevralın 27-də Rusiya prezidenti Vladimir Putin çəkindirmə qüvvələrini xüsusi hazırlıq rejiminə keçirməyi tapşırıb. Putin “NATO-nun aparıcı ölkələrinin yüksək vəzifəli şəxslərinin Rusiyaya qarşı aqressiv bəyanatlara yol verdiyini” xatırladıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 22-də CNN telekanalına müsahibəsində ölkənin mövcudluğuna təhlükə yaranarsa, Rusiyanın nüvə silahından istifadə etməsini istisna etməyib. Peskov qeyd edib ki, belə bir əsas Rusiyanın milli təhlükəsizlik konsepsiyasında yazılıb.