5 Mart 2022
Mətni dəyiş
Putin Rusiya hərbçilərinin Ukraynada onun göstərişi ilə törətdiyi insanlığa qarşı cinayətlərə görə mühakimə oluna bilər. Nasist Almaniyasının liderləri üzərində Nürnberq məhkəmələrində prokuror işləyən 101 yaşlı ədalət veteranı Benjamin Ferenc belə deyir.
"Rusiyanın hazırda Ukraynaya qarşı törətdiyi cinayətlər bəşəriyyət üçün biabırçılıqdır, cinayətkarlar təcavüzə, insanlığa qarşı cinayətlərə və qətllərə görə cavab verməlidirlər", - Ferenc bildirib.
Putin soyqırımda təqsirli bilinən Bosniya serblərinin lideri Radovan Karaciç kimi həbs oluna bilər.
"Bu, çox realdır. Sizə lazım olan tək şey bunu etmək üçün qətiyyətdir, çünki onlar ayda yaşamırlar. Mən Putini dəmir barmaqlıqlar arxasında görmək istəyirəm, bu, mümkündür", - Ferenc əlavə edib.
Onun fikrincə, Qərb ölkələri Nürnberq məhkəməsi təhlükəsinin Rusiya hərbçilərini cinayət törətməkdən çəkindirəcəyinə ümid edirdilər. Amma indi aydın olur ki, bu presedent işğalçılara aid deyil.
Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi artıq Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı araşdırmalara başlayıb.