İtaliyanın hakimiyyət orqanları "Şəhrizad" (Scheherazade) super yaxtasının sahibinin kimliyini müəyyən etmək üçün araşdırmalara başlayıb. Bu barədə ˝New York Times˝ xəbər verir.
İndi "Şəhrizad" yaxtası İtaliyanın Marina di Karrara şəhərində yerləşir. ˝New York Times˝ nəşrinin məlumatına görə, ˝SuperYachtFan˝ gəminin dəyərini 700 milyon dollar qiymətləndirir. Yaxtanın sahibi məlum deyil.
Gəminin kapitanı Qay Bennett-Pirs bildirib ki, italyan müstəntiqlər cümə günü, martın 4-də gəmiyə gələrək sənədlərini yoxlamağa başlayıblar. “Bunlar yerli polis deyil, tünd kostyumlu insanlardır”, o deyib. Vəziyyətlə tanış olan ˝New York Times˝-ın mənbəsi anonim olaraq İtaliya maliyyə polisinin araşdırmaya başladığını təsdiqləyib.
Kapitan iddia edir ki, "Şəhrizad"ın heyətinin təxminən 70 faizi ruslardır". ˝MarineTraffic˝-in məlumatına görə, yaxta son iki il ərzində, ən son 2021-ci ilin iyulunda Soçiyə gedib. Anonimlik şərti ilə keçmiş ekipaj üzvü ˝New York Times˝ nəşrini əmin edib ki, onun həmkarları gəmini “Putinin yaxtası” adlandırıblar.
Bennett-Pirs Putinin yaxtanın sahibi olması və ya nə vaxtsa yaxtada olması haqda məlumatı inkar edir. Kapitan yaxta sahibinin heç bir sanksiya siyahısında olmadığını vurğulayıb. Martın 7-də axşam saatlarında Bennett-Pirs əlavə edib ki, onun sahibi haqda məlumatları İtaliya hakimiyyətinə təhvil verməkdən başqa seçimi yoxdur.