Apellyasiya Məhkəməsi Azərbayucan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin sürücüsü Paşa Umudovu azadlığa buraxmayıb. Bu barədə qərar martın 10-da keçirilən prosesdə verilib. ötən il dekabrın 16 Ali Məhkəmədə Paşa Umudov haqqında aşağı instansiyanın – Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub. Ali Məhkəmə qərar verib ki, Paşa Umudov haqqında cinayət işi bu instansiyaya qaytarılsın və orada təkrar araşdırılsın.
2019-cu il oktyabrın 15-də həbs olunan və Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham edilən Paşa Umudov Nərimanov Rayon Məhkəməsinin hökmüylə 4 il 6 ay azadlıqdan məhrum edilib.
Əli Kərimlinin sürücüsü olduğuna görə saxta narkotik ittihamıyla cəzalandırıldığını deyən Paşa Umudovun vəkilinin bu hökmdən verdiyi şikayətə 2020-ci ilin oktyabrında Bakı Apelyasiya Məhkəməsində baxılıb. Lakin şikayət təmin olunmayıb – Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası 4 il 6 aylıq həbs hökmünü qüvvədə saxlayıb. Ali Məhkəmə belə nəticəyə gəlib ki, o zaman obyektiv araşdırma aparılmadan hökm qüvvədə saxlanılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası və beynəlxalq təşkilatlar Paşa Umudovun həbsinin siyasi olduğunu bildirirlər.