28 Mart 2022
Mətni dəyiş
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyaya qarşı “qeyri-dost hərəkətlər” həyata keçirən ölkələrdən vətəndaşların ölkəyə girişini məhdudlaşdırmaq üçün tədbirlərin hazırlandığını açıqlayıb. Bu barədə İnterfaks xəbər verir.
“Hazırda bir sıra xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə bağlı cavab viza tədbirləri haqqında fərman layihəsi hazırlanır. Bu akt Rusiya ərazisinə girişə bir sıra məhdudiyyətlər tətbiq edəcək”, - Lavrov “Vahid Rusiya” beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək komissiyasının iclasında deyib.
Xarici işlər naziri xatırladıb ki, martın 15-də qanunvericiliyə istənilən əcnəbi vətəndaşlara, o cümlədən vətəndaşlığı olmayan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinin mümkünlüyünü nəzərdə tutan dəyişikliklər qəbul edilib. Əvvəllər bu cür tədbirlər yalnız ABŞ vətəndaşlarına şamil edilə bilərdi.
“Düşünürəm ki, bu addım bir neçə kateqoriyadan olan xarici vətəndaşlara təsir vasitələrinin dairəsini genişləndirəcək. Əvvəla, bunlar xaricdə olan Rusiya vətəndaşlarına qarşı cinayətlərin törədilməsində iştirak edənlərdir. İkincisi, bunlar xalqımıza qarşı əsassız hüquqi təqiblər həyata keçirən şəxslərdir. Və nəhayət, bunlar Rusiya Federasiyası vətəndaşlarının və təşkilatlarının hüquqlarını və qanuni maraqlarını pozan əsassız qərarlar qəbul edənlərdir”, - Lavrov bildirib.
Viza məhdudiyyətlərinin Lavrovun sadaladığı kateqoriyalara aid olmayan “dost olmayan ölkələrin” vətəndaşlarına təsir edib-etməyəcəyini fərman layihəsi dərc olunana qədər söyləmək mümkün deyil.
Rusiya hökumətinin martın 5-də təsdiq etdiyi “dost olmayan ölkələr” siyahısına aşağıdakılar daxildir:
Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, o cümlədən Cersi, Anqilya, Britaniya Virciniya adaları, Cəbəllütariq, Avropa İttifaqına üzv dövlətlər, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya.