Martın 22-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata görə, görüşdə Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş nazirinin 10 noyabr Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub.
Tərəflər 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.